MƏZHƏBLƏRARASI YAXINLAŞMA HƏRƏKATININ TARİXİNƏ DAİR

İslam dünyasının yaşadığı hazırkı bu çətin mərhələ İslam ümmətindən ona aid edilmənin izzətindən dolayı olaraq mədəni vəhdətin möhkəmləndirilməsi üçün onlardan bütün səylərin və güclərin birləşməsini tələb edir. Artıq İslama zidd qüvvələr İslama qarşı açıq-aşkar düşmənçiliklərini büruzə verərək İslam dünyasını bütövlükdə mühasirəyə almış, onun kökünü zəiflətmək, imkanlarını məhdudlaşdırmaq, gücünü hədər etmək üçün ciddi cəhdlər göstərirlər (5, 73).
Birinci dünya müharibəsindən sonra İslam ölkələri qərb imperialistlərinin istilasına uğramış və ayrı-seçkiliklə üzləşmişlər. Bu vəziyyətdən çıxış yolu axtaran müsəlmanlar, xüsusilə də müsəlman alimlər İslam birliyinin gerçəkləşməsi üçün dəfələrlə mübarizə aparmış və bu hədəfi həyata keçirmək üçün islahatlar irəli sürmüşlər. Lakin bu mübarizələr öz nəticəsini sonrakı onilliklərdə göstərə bilmiş və 1940-cı illərdə yenidən canlandırılaraq İslam birliyinə bir qapı, bir yol açmaqla məzhəblər və mənsubları arasında bir yaxınlaşma hərəkatına start verilmişdir.
İslam məzhəbləri arasında yaxınlaşmanı gerçəkləşdirən isə onlar arasında, əsas inancda birliyin olmasıdır. Müsəlman alimlər bu birliyin əsas arqumentlərini üzə çıxarmış və təfriqə amillərinin necə və kimlər tərəfindən meydana çıxarıldığını ortaya qoymuşlar. Allahın birliyinə, varlığına inanan, eyni Peyğəmbərin (s) ümməti olan, İslamın halalına halal, haramına haram deyən, eyni Kitaba uyan, namazda eyni qibləyə yönələn, axirətin varlığını təsdiq edin hər iki tərəf, təfərrüata aid məsələlərdə ixtilaflara düşsələr də bu, əsas inancdakı birliyi poza bilməz. Vəhdət hər iki tərəfi birləşdirən bir həqiqətdir və “möminlər qardaşdırlar”. “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinin qayğısına qalmaqda, bir tək bədənə bənzərlər. Bədəndə bir üzv rahatsız olarsa, bədənin o biri üzvləri də rahatsız olub yuxusuz qalar” hədisi bütün möminlərə və ağıl sahiblərinə ibrət alınması lazım olan örnəkləri göz önünə gətirməkdədir. İslam Peyğəmbəri (s): “Möminlərin arasını vuran ondan deyildir”-buyurmuşdur. Belə olduğu halda, yenə də müsəlmanlar arasında birliyin bərqərar olmadığını və onların vəhdət sıralarını pozmağa çalışan qüvvələrin məqsədyönlü fəaliyyətlərini, təəssüflə görürük. Lakin, Allaha şükürlər olsun, İslam vəhdətini qorumağa çalışanlar da vardır (2, 13).
İslam birliyi və məzhəblərarası yaxınlaşma hərəkatı yeni bir tendensiya kimi, böyük İslam filosofu Seyyid Cəmaləddin Əsəd Abadi Əfqani (1254-1314/1838-1897) və onun həm yaxın dostu, həm də ən böyük tələbələrindən sayılan Şeyx Məhəmməd Əbdu (1265-1323/1849-1905) tərəfindən gündəmə gətirilmişdir. Sonradan bu ideyada onlarla həmfikir olan bir çox İslam alimləri və mütəfəkkirləri ortaya çıxmışdır. Həmin alimlərdən Ayətullah əl-uzma Seyyid Hüseyn Təbatəbai Bürucerdini (h.1380), Şeyx Məhəmməd Təqi Əl-Qumini (h.1413), Şeyx Əbdül-Məcid Səlimi (1299-1374/1882-1954), Şeyx Mahmud Şəltutu (1310-1383/1893-1963), Seyyid Əbdül-Hüseyn Şərəfüddin Musəvini, Seyyid Şərəfüddin Amulini (h.1381, Livanlı), Şeyx Mustafa Əbdür-Raziqi (1302-1366/1885-1946), Həsən əl-Bənnanı, Şeyx Məhəmməd Hüseyn Kaşif əl-Ğitaini və başqalarını nümunə göstərmək olar (6, c.46, 31). Həmin alimlər müsəlmanları vahid İslam ümməti altında birləşməyə, aralarındakı ixtilafları və təəssübkeşliyi kənara qoymağa, imanın və islamın əsas rüknlərinə iman gətirməklə onların ətrafında cəm olmağa, İslam əqidəsində zəruri sayılmayan məsələlərdə ayrı-seçkilik yaratmamağa çağırmışlar.
Müsəlman alim və mütəfəkkirlərin məzhəblərarası yaxınlaşma hərəkatındakı məqsədi isə müsəlmanları hamılıqla Allahın ipindən möhkəm yapışmağa, qardaşlıq, sevgi və dostluğu öz aralarında möhkəm tutmağa dəvət etməsindən ibarət idi. Həmçinin, müsəlmanların onların birliyinə xələl gətirən təfriqə amillərini kənara qoymasını, küfrdə, fisqdə və bidətdə bir-birlərini ittiham etməməsi məqsədini güdürdü (7, 9).
Şiə alimlərindən sayılan və məzhəblərarası yaxınlaşma hərəkatının əsas cəfakeşlərindən biri olan Şeyx Məhəmməd Təqi əl-Qumi müsəlmanların öz aralarında birliyə gəlməsindən ötrü müsəlman ölkələrini gəzib dolaşır. Misirə səfəri onun uğurlu addımlarından sayılır. Əl-Əzhər universitetinin Misirdə yerləşməsi, İslam alimlərinin orada məskən salması həmin o nailiyyətlərə şərait yaradır. Şeyx Məhəmməd Təqi əl-Qumi oradakı alimlərlə görüşür, öz fikrini onlara izah edir və müsəlmanları məzhəbindən asılı olmayaraq ortaq məxrəcə gəlməyə dəvət edir. Onlara İslam dünyasının birliyinə xidmət edəcək bir qurumun zəruri olmasını bildirir və onun təşəkkülü sayəsində sonrakı faydalarını diqqətə çəkir. İslam dünyasının siyasi və iqtisadi durumu həmin vaxt bir dağınıqlıq və gücsüzlük halında ikən Əl-Əzhər alimləri dinin birliyə, qardaşlığa, əməkdaşlığa nə qədər önəm verdiyini nəzərə alaraq Məhəmməd Təqi əl-Quminin fikirlərini bəyənmişlər və 1945-ci ildə Qahirədə “Dar ət-təqrib” (İslam məzhəbləri arasında yaxınlaşma mərkəzi) mərkəzi yaranır (3, 172). Həmin mərkəzin “risalət əl-İslam” adlı jurnalı dərc olunur. Onun ilk sayı 1949-cu ilin Yanvar ayında (hicri 1368, rabiul-əvvələ) çıxır. “Risalət əl-İslam” jurnalının nəşri 1972-ci ilin Oktyabr (1392, ramazan) ayına qədər davam edir. “Risalət əl-İslam” jurnalı məzhəbindən asılı olmayaraq böyük islam alimlərinin fikirlərini, irəli sürdükləri təklifləri və konsepsiyaları, onların elmi məqalələrini dərc etdirir (4).
“Dar ət-təqrib”-in yaranmasında əsas məqsəd kimi diqqəti çəkən bəzi xüsuslar vardır ki, onlara “risalət əl-islam” jurnalının ilk sayında üç maddə halında aydınlıq gətirilir:
a) Əqidə və şəriət məsələlərində inanılması və qəbul edilməsi zəruri sayılan mövzuların xaricində qalan anlayışların, bir-birlərindən uzaqlaşmasına səbəb olduğu İslam məzhəbləri mənsublarını “vahid islam ümməti” adı altında bir araya gətirmək; b) İslamın ana ünsürlərini müxtəlif dillərdə nəşr etdirib müsəlman olmayan cəmiyyətlərə tanıtdırmaq və onların ehtiyacını doldurmaq; c) Müsəlmanlar arasındakı fikir ayrılıqlarına səbəb olan məsələlərə obyektiv münasibət bəsləmək, ortaq məxrəcə gələ bilmək imkanlarını araşdırmaq, əks təqdirdə fikir ayrılıqlarının olmasını təbii qəbul etmək və qarşı tərəfi üzrlü hesab etmək (8, 8).
Bu haqda Şeyx Mahmud Şəltut (1893-1963) deyir: “Məzhəblərarası yaxınlaşma hərəkatı yaranan gündən mən onun ilk iştirakçılarından biri idim. Bu hərəkata dəvətdə şəxsən özüm iştirak edirdim. Məzhəblərarası yaxınlaşma hərəkatı on ildən çoxdur ki, Qahirədə yaranıb. İlk dəfə bu hərəkata dəvət edən və bu yolda səy göstərən hörmətli qardaşımız İranlı şiə alimi Şeyx Məhəmməd Təqi əl-Qumi olmuşdur. Bəziləri bu məsələyə şəkk-şübhə ilə yanaşırdılar. Onlar belə deyirdilər: “Məzhəblərarası yaxınlaşma hərəkatının əsas məqsədi sünniləri şiəyə çevirməkdir, bəziləri isə şiələri sünniyə çevirməkdir”-deyə düşünürdülər. Lakin o cür düşünənlərin etirazına baxmayaraq məzhəblərarası yaxınlaşma hərəkatının əsası qoyuldu. Mənim də o hərəkatda ilk iştirakçı kimi payım oldu və bu dəvəti hörmətli şeyximiz Pr. Şeyx Əbdül-Məcid Səlimdən aldım. Hətta Əl-Əzhərin keçmiş şeyxlərindən olan Şeyx Məraği və Şeyx Mustafa Əbdür-Raziqin bu hərəkata böyük ümid gözü ilə baxdığının şahidi oldum (13, 32). Sonra Şeyx sözünə davam edərək deyir: “Məzhəblərarası yaxınlaşma hərəkatının “risalət əl-İslam” jurnalında mən öz təfsirimi yayırdım. Bu təfsirdə məzhəblərarası yaxınlaşma hərəkatının məqsədindən, yollarından, gələcəkdə görüləcək işlərindən danışırdım” (13, 32).
Şeyx Mahmud Şəltutdan soruşurlar: “Hörmətli şeyx, araşdırmalar adətən məzhəblərarası ixtilaflara gedir çıxır və alimlərin çoxunun İslam şəriətində ixtilaf etdiklərini görürük. Hətta bir məzhəbin daxilində belə alimlər arasında ixtilaflar vardır. Bəs necə mümkün sayıla bilər ki, müsəlmanlar bir məzhəbdə birləşsinlər və ya bir fikir ətrafında cəm olsunlar?”
Şeyx Mahmud Şəltut müsahibə cavabında deyir: “Rəydə fikir ayrılığının olması ictimai zərurətdir və bu, təbii hesab olunduğu üçün onu aradan götürmək olmaz. Orada məzhəb təəssübkeşliyindən və müəyyən fikir üzərində durmaqdan doğan ixtilafla, dəlil və höccəti (sübutu) olan ixtilaf arasında fərq vardır. Birinci ixtilaf məzəmmət olunur. Çünki o ixtilaf müsəlmanlar arasında təfriqəyə səbəb olur və qəlblərdə ədavət və qərəzlilik yaradır. İkinci ixtilaf isə araşdırma, həqiqət axtarışında olmaq, hər bir tərəfə ehtiramla yanaşmaq məqsədini daşıyır. Həmçinin, əgər alimlər öz aralarında istinad etdikləri mənbələrə və əldə etdikləri məlumatlara hörmətlə yanaşırsa və o mənbələr-Quran və Sünnəyə dayanırsa, onda bu fikir ayrılıqlarının heç bir zərər daşımadığını görərik. Əvvəlki məzhəb baniləri və alimləri öz aralarında ixtilaf etmişlər, lakin bir-birlərinin rəyinə ehtiramla yanaşmışlar, qarşı tərəfi üzrlü hesab etmişlər. Bəzən öz aralarında məsləhətləşirdilər, bəzən isə gözəl tərzdə elmi mübahisələr edirdilər. Sonra isə qeyd etmək lazımdır ki, biz-müsəlmanları nə bir məzhəbdə birləşməyə dəvət edirik, nə də ki, bu, təqrib məsələsində bizim məqsədimizdən sayılmır. Lakin bizim istədiyimiz və uğrunda çalışdığımız müsəlmanların məzhəbindən asılı olmayaraq öz aralarında dostluq və mehribançılığı qorumaları, təəssübkeşliyi kənara atmaları, bir-birlərinə onlara xoş olmayan ləqəblərlə çağırmamaları, sui-zəndən çəkinmələri məsələsidir. Həmçinin, heç bir sünniyə şiə fiqhindən faydalanmasına və şiənin də sünni fiqhindən faydalanmasına qadağa qoyula bilməz. Çünki hər iki tərəfin fiqhi əsas ittifaq olunan mənbələrdən qaynaqlanır. Müsəlmanlar bir ümmətdir, onların dini birdir və müştərək olduqları prinsipləri də birdir. Onlar məzhəbindən asılı olmayaraq Allaha dəvət edirlər, əmr bil-məruf və nəhyə ənil- münkər edirlər. Onlar ikinci dərəcəli məsələlərdə bir-birinə güzəştə getməlidirlər. Təfriqənin qarşısını almalıdırlar (13, 32).
“Ümmətin vəhdət prinsipini qorumaq üçün hansı amillər əsas şərt sayıla bilər” sualına gəldikdə isə, Şeyx Mahmud Şəltut buna belə cavab verir: “Birinci amil cəhalətin qarşısını qarşılıqlı maariflənmə yolu ilə almaq, təəssübkeşliyi tərk etmək, əməkdaşlıq çərçivəsində haqqı araşdırmaq və ona insafla yanaşmaqdır. Kitabların bu sahədə qələmə alınması, universitetlər, institutlar, tələbə və müəllimlər tərəfindən keçirilən seminarlar üstünlük təşkil etməlidir. Müsəlmanlara aid olan problemləri İslam alimləri birgə şəkildə həll etməlidirlər” (13, 32).
Qahirədəki məzhəblərarası yaxınlaşma mərkəzi tərəfindən əldə olunan misilsiz nailiyyətlərdən biri də Əl-Əzhər universitetinin Şeyxi Mahmud Şəltutun İslamda tanınan məzhəblərə, o cümlədən Əhli-Beyt (ə) məzhəbinə təqlid etməyin caiz olmasına dair çıxardığı fətvadır. Şeyx Mahmud Şəltut hicri 1378, rabiul-əvvəlin 17-də verdiyi fətvasında belə deyir: “İslam dini öz ardıcıllarına müəyyən məzhəbi izləməyi vacib bilmir. Əksinə, hökmləri kitablarda doğru və dürüst şəkildə nəql olunan İslam məzhəblərindən birinə təqlid etmək hər bir müsəlmanın haqqıdır. Kim bu məzhəblərdən birinə təqlid edərsə, sonradan başqa bir məzhəbə keçərsə, ona heç bir zərər gəlməz. On iki imamiyyə şiə məzhəbi kimi tanınan Cəfəri məzhəbinə də, əhli-sünnə məzhəblərinə olduğu kimi, təqlid etmək caizdir. Şeyx bu fətvanı Qahirədə məzhəblərarası yaxınlaşma mərkəzi tərəfindən nəşr olunan “risalət əl-islam” jurnalında elan etmişdir. Fətvanın tarixi jurnalın on birinci ili, üçüncü sayı, səh-227. 1379/1959-cu il. Müsəlmanlar bunu bilməli və hansısa məzhəbin təəssübkeşliyini etməkdən çəkinməlidirlər. Heç zaman Allahın dini və şəriəti bir məzhəbə tabe olmamışdır. Məzhəb baniləri və alimləri müctəhiddirlər. Allah yanında onların ictihadı qəbuldur. Kim ictihad əhli deyilsə, ona icazə verilir ki, İslam məzhəblərindən birinə təqlid etsin. Təqlid etmək məsələsində ibadət və digər vacibi əməllər arasında heç bir fərq yoxdur.
Həqiqətən, məzhəblərin bir-birləri haqqında yanlış, ya da tam bilgi ala bilməməsi, onları bir-birindən uzaqlaşdıran amillərdən biridir. Şiə alimlərindən Məhəmməd Hüseyn Ali Kaşif əl-Ğitai şiə haqqında onların öz qaynaqlarına müraciət etməsinin vacib olduğunu söyləmişdir. Bəzi kimsələrin şiələr haqqında yanlış fikirlər səsləndirməsi şiələrin olduğu kimi tanınmasına səbəb olur. Müəllif buna örnək olaraq “Cəhənnəm əzabı şiəyə çox az zərər verəcəkdir”, “şiə Hz. Əlini ilahiləşdirir” kimi yanlış anlayışlara yer verildiyini söyləyir. O isə şiənin bu düşüncələrdən uzaq olduğunu və onların da əhli-sünnə kimi Allaha itaət edənlərin Cənnətə, Ona asi olanların isə Cəhənnəmə gedəcəklərinə inandığını söyləyir. Müəllif Hz. Əlini ilahiləşdirənlərin Xəttabiyyə, Ğurabiyyə və s. İslamdan çıxmış ifrat qruplar olduğunu, şiənin isə bütün bu ifratçı qruplardan tamamilə uzaq olduğunu bildirir (3, 174).
Bir faktı da qeyd edək ki, Sünni ilə Şiə arasında əsas fərq özünü daha çox imamət məsələsində göstərir. Böyük şiə alimi Şeyx Məhəmməd Hüseyn Ali Kaşif əl-Gitai “bəyan lil-muslimin” adlı əsərində bu məsələsi münasibətini belə bildirir: “Bu məsələdə sünni ilə şiə fərqli görüşlərə malikdir. Şiələr imamət məsələsini dinin üsullarından bilirlər. Allah tərəfindən ümmət üçün peyğəmbərlər necə seçilirlərsə, eləcə də Allah tərəfindən ümmət üçün imamlar belə seçilirlər. Əhli-Sünnə isə imamət məsələsini dinin üsullarından bilmirlər. Onlardan bəzisi icma olaraq bunu rəiyyət üçün vacib bilir, bəzisi isə imamət məsələsinə siyasi məsələ kimi baxırlar. Lakin bütün bunlara baxmayaraq şiə alimlərindən heç biri imaməti qəbul etməyən sünni qardaşları haqqında onların müsəlman olmaması haqda bir söz söyləməmişlər, əksinə, onları öz müsəlman qardaşları hesab etmişlər. Həmçinin, sünni alimlərindən də heç biri imaməti dinin üsullarından biri kimi qəbul edən şiə qardaşları haqqında onların müsəlman olmaması haqda bir söz söyləməmişlər, əksinə, onları öz müsəlman qardaşları hesab etmişlər(9, 41).
On iki imamiyyə şiələrinin Əhli-Sünnə haqqında görüşlərini Şeyx Məhəmməd Vaizzade Xorasani bu şəkildə bəyan edir: “On iki imamiyyə şiələrinə görə əhli-sünnə İslam ümmətindən, qiblə əhlindəndirlər və şiələrin mömin qardaşları sayılırlar. Onların qanı, malı, namusu toxunulmazdır. Onların şəri qayda ilə kəsdikləri heyvan ətlərini yemək halaldır və ədalətli olanlarının şəhadətləri qəbuldur. Onlar müsəlman qəbiristanlığında basdırılırlar. Ticarətdə və digər müqavilələrdə onlara etibar edilir. Onların qadınları ilə evlənmək olar və onlar da şiə qadınları ilə evlənə bilərlər. Onların dünyaya gətirdikləri övladlar pakdırlar. Əhli-Sünnənin yaşadığı ərazilər İslam ərazisi hesab edilir, onun hörməti qorunmalıdır. Əgər düşmənlər onların ərazilərinə hücum edərsə, şiələrə onları müdafiə etmək vacib sayılır. Əgər əhli-sünnədən olan müsəlmanlar öz aralarında anlaşılmazlıq üzündən müharibə edərsə, şiələrin onların arasına girib islah etməsi vacibdir və onlardan təcavüz edənin zülmünün qarşısı alınmalıdır. Əhli-Sünnənin etibarlı və ədalətli ravilərinin nəql etdikləri hədislər, əgər Qurana və Əhli-Beytdən (ə) doğru sənədlə nəql olunan hədislərə zidd deyilsə, onda on iki imamiyyə şiələrində də onlar qəbul edilir. Əhli-Sünnədən elm almaq, onların yanında təhsil almaq, onlarla həccə getmək, dini ayinlərdə onlarla bərabər olmaq icazəlidir. Hətta namaz və s. dini ayinlərin yerinə yetirilməsində onlarla bərabər iştirak etmək vacib sayılır. Həmçinin, Allah yolunda cihad zamanı, İslamı düşmənlərdən qorumaq üçün onlarla birgə mübarizə aparmaq vacibdir. Peyğəmbər (s) buyurur: “Kim müsəlmanların işləri (problemləri) ilə maraqlanmasa, o, müsəlman deyildir”.
Şiələr öz əhli-sünnə qardaşlarına tarixdə bir çox hadisələrdə yaxından arxa durmuşlar. Belə ki, İtaliya Liviyaya hücum edəndə, Osmanlı xilafəti süquta yetəndən sonra İngiltərə İraqa daxil olmaq istəyəndə, Rusiya orta Asiyanı işğal etmək istəyəndə, Əlcəzair Fransa ilə müharibə edəndə, Hindistan İngiltərə ilə müharibə edəndə şiələr imperialist qüvvələrə qarşı mübarizədə əhli-sünnə qardaşlarının yanında olmuşlar. Bu hadisələr içərisində ən bariz nümunə şiələrin Fələstin xalqına yardım etməsi və sionist qüvvələrə qarşı mübarizədə öz sünni qardaşları ilə bərabər olmasıdır. Həmçinin, Ayətullah Xomeyninin Ramazan ayının axırıncı cümə gününü “Qüds günü” kimi qeyd etməsi də təsadüfi deyildir. Həmin günü o, bütün müsəlmanları təcavüzkar qruplaşmalara qarşı birgə mübarizəyə səsləmişdir. Hər il şiələr və müxtəlif müsəlman ölkələrindən olanlar bu günü qeyd edirlər. Bütün bunlardan sonra demək mümkündürmü ki, şiələrin öz əhli-sünnə qardaşlarına olan mövqeyi şübhəlidir və ya mənfidir?! (10)
Həmçinin, böyük şiə alimlərindən sayılan Şeyx Cavad Muğniyə deyir: “Heç şübhəsiz ki, əhli-sünnə də şiələr kimi əhli-beyti (ə) sevir və onlara nisbət edilməkdə iftixar duyurlar. Doğrudur, Əhli-Beytin (ə) düşmənləri tarixdə olmuşdur. Bəni-Ümeyyədən və xəvariclərdən olanlar Əhli-Beytə (ə) qarşı düşmənçilik siyasətini aparmışlar, lakin indi o nəsildən kimsə qalmayıb. İndi Əhli-Sünnə qardaşlarımız və digər firqələrdən olan müsəlmanlar Əhli-Beytə (ə) qarşı sevgi bəsləyirlər və bunu özləri də etiraf edirlər (6, 49).
Əl-Əzhər Universitetinin keçmiş prorektoru və islam məzhəblərarası yaxınlaşma mərkəzinin hazırkı sədri Mahmud Aşur deyir: “Şiələr İslam firqələrindən biridir. Onlar da “la ilahə illəllah, Muhammədun rəsulullah” deyirlər. Onların qanı, malı və namusu toxunulmazdır. O kəslər ki, şiələrin əleyhinə fətva çıxarırlar, onlar İslamın nə olduğunu başa düşmürlər. Müsəlmanlar ifratçılığa yol verməməli və siyasi oyunların qurbanına çevrilməməlidirlər. Bundan başqa İran, İslam məzhəbləri arasında yaxınlaşma hərəkatının canlı nümunəsidir (11).
Əl-Əzhər Universitetinin şeyxi prof. Əbdül-Həlim Mahmud İslam vəhdəti ilə bağlı İmamiyyə şiələrinin hörmətli və görkəmli professoru və alimi Hacı Ağa Həsən Səidə məktubunda yazır: “Allahın salamı, xeyir-duası və bərəkəti üzərinizə olsun! Əl-Əzhər Universiteti öz imamiyyə və zeydiyyə şiə qardaşlarına ancaq qardaşlıq və dostluq sevgisi bəsləyir. Biz indi elə bir mərhələdəyik ki, ancaq İslam vəhdəti və qardaşlığı naminə çalışa bilərik. Əgər burada və ya orada müsəlmanların hansısa bir problemi üzə çıxarsa, hər iki tərəf birləşib onu islah etməyə çalışmalıdır” (Məktubun yazılma tarixi: 25.10.1977. Əbdül-Həlim Mahmud. Əl-Əzhərin Şeyxi) (13).
Qahirədəki məzhəblərarası yaxınlaşma mərkəzi irəliyə doğru addımlar ataraq məzhəblər arasında maarifçiliyi gücləndirmiş və bir məzhəbin digər məzhəb haqqında sağlam anlayışa malik olması üçün təqdirəlayiq işlər görmüşdür. Şeyx Mahmud Şəltut və Misirin dini vəqflər naziri Pr. Şeyx Əhməd Həsən Baqurinin təşəbbüsü ilə İmamiyyə fiqhində “əl-muxtəsər ən-nafi” kitabı nəşr etdirilir. Sonra isə mərkəz tərəfindən hicrətin altıncı əsrinin böyük dahilərindən sayılan Şeyx Əminul-İslam Əbu Əli əl-Fəzl ibn Həsən Təbərsinin “məcmə əl-bəyan li-ulum əl-Quran” adlı kitabı nəşr etdirilir. Əl-Əzhərin o vaxtkı şeyxi Əbdül-Məcid Səlim bu kitab haqqında belə deyir: “Çox gözəl kitabdır, bir çox elmləri və faydaları özündə ehtiva edir, tərtibi də çox gözəldir, əgər desəm ki, bu təfsir indiyə qədər yazılmış və əsas qaynaq sayılan təfsir kitablarının ön sıralarında durur, heç vaxt yanılmaram” (7, 11).
Məzhəblərarası yaxınlaşma mərkəzi təkcə Qahirədə deyil, hal-hazırda Tehranda da mövcuddur.
Müsəlmanların birliyi istiqamətində ciddi səylər göstərən alim və mütəfəkkirlərdən biri də Xomeynidir. Onun bu hərəkatda xüsusi rolu və dəstəyi vardır. O, müsəlmanların vəhdət məsələsinə toxunarkən belə deyir: “İslam ölkələrində yaşayan Əhli-sünnə qardaşlarımız bilsinlər ki, muzdur dəstələr böyük şeytan qüvvələri ilə əlbirdirlər. Onlar nə İslamın, nə də müsəlmanların xeyrini istəmirlər. Müsəlmanlar hamılıqla həmin insanlardan və qruplaşmalardan uzaq durmalı, onların şayələrinə uymamalıdırlar. Mən qardaş əlimi bütün elm əhlindən olan müsəlmanlara uzadıram və onlardan dilədiyim budur ki, onlar da öz şiə qardaşlarına qardaş gözü ilə baxsınlar. Biz öz aramızda qardaş olsaq, İslama qarşı hədəflənmiş planları müştərək olaraq puç və uğursuz edə bilərik” (12, 1/128).
Xomeyninin vəfatından sonra Seyyid Əli Hüseyni Xameneyi onun yolunu layiqincə davam etdirmiş və İslam məzhəblərarası yaxınlaşmanın beynəlxalq mərkəzini təsis etmişdir. Seyyid Əli Xameneyi həmin mərkəzə baş katib və İslam dünyasının ayrı-ayrı yerlərindən olan və müxtəlif məzhəbləri təmsil edən alim və mütəfəkkirlərdən üzvlər təyin etmişdir. Həmin mərkəz elmi, mədəni sahələrdə beynəlxalq səviyyəli fəaliyyətlərini davam etdirir. Bu mərkəzin tarixi hicri qəməri 1411-ci ilə təsadüf edir. Mərkəzin qərargahı paytaxt Tehran şəhəridir.
İnşaallah, ümid edirik ki, məzhəblərarası yaxınlaşma hərəkatı öz şanlı tarixinə söykənərək irəlidə daha çox nailiyyətlər əldə edəcək və gələcək nəsillərin doğru və dürüst maariflənməsində yaxından köməklik göstərəcəkdir. Bu hərəkat öz dəstəyini Quran ayələrindən, peyğəmbər hədislərindən alır və məqsədi də ayə və hədislərdə keçir. Uca Allah buyurur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun ne’məti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” (Ali İmran, 103). Başqa bir ayədə isə: “Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar” (Ali İmran, 105).

ƏDƏBİYYAT

1. Qurani Kərim. Ərəb dilindən tərc. ed.: Z. Bunyadov, V. Məmmədəliyev.Bakı. Azərnəşr, 1991. S.649
2. Abdülbakıy gölpınarlı. Tarih boyunca islam mezhepləri ve şiilik. DER yayınları. İstanbul-2003. S.733
3. İlyas Üzüm. Sünni-Şiə yakınlaşması: Darüt-Takrib Tecrübesi. İslam Araştırmaları Dergisi. Sayı 2, 1998. S.172
4. Сближение между мазхабами.www.taghrib.ir/russian. Date: 2007/12/29 20:05
5. Dok. Əbdul-Əziz ibn Osman ət-Tuveyciri. İstiraticiyyə ət-təqrib beynə əl-məzahib əl-islamiyyə. Məcmuə məqalat əl-mutəmər əs-samin əşər lil-vahdə əl-islamiyyə. 15-17 rabiul-əvvəl, 1426. S.520
6. Məcəllə əl-məcmə əl-aləmi li ət-təqrib beynə əl-məzahib əl-islamiyyə. Risalə ət-təqrib. №46. S. 255. Tehran-1425/2004..
7. Əl-Məcmə əl-aləmi li ət-təqrib beynə əl-məzahib əl-islami. Əhdafuhu, mənhəcuhu və muncəzatuhu. Tehran-2006.
8. Min əl-qanun əl-əsasi li cəmaət ət-təqrib. Risalə əl-islam. №1. Təsduru ən dar ət-təqrib beynə əl-məzahib əl-islamiyyə. Qahirə (n.i.y.)
9. Məhəmməd Hüseyn Ali Kaşif əl-Ğitai. Bəyan lil-muslimin. Risalə ət-təqrib. №46. S.255. Tehran-1425/2004
10. Məhəmməd Vaiz Zade Xorasani. Əhli-sunnə ində əş-şiə əl-imamiyyə. Risalə ət-təqrib. №46. S.255. Tehran- 1425/2004.
11. Əxbar ət-təqrib. http://www.taghrib.org/ 20/09/2007
12. Risalə ət-təqrib. №55. S.220. Tehran-1427/2006.
13. Seyyid Murtəza Rızəvi. Fi səbil əl-vahdət əl-islamiyyə. S.126. Dar əl-məalim li ət-tibaət. Qahirə, 1398/1978. (S.126).

Dr. Məhəmmədəmin Rəhim

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: